Azərbaycanlı violonçel ifaçısı Moskva Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib
Moskva, 29 iyun, AZƏRTAC
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Kiçik zalında 2026-cı il aspirantura proqramının məzunlarının iştirakı ilə konsert keçirilib. Konsertdə konservatoriyanı fərqlənmə diplomu ilə bitirən azərbaycanlı violonçel ifaçısı Rusalina Hüseynzadə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert proqramına Sergey Raxmaninov, Dmitri Şostakoviç, Aleksandr Darqomıjski, Coakino Rossini, Frans Şubert və dünya musiqisinin digər klassiklərinin əsərləri daxil edilib.
Rusalina Hüseynzadə (violonçel), Regina Paxmutova (skripka) və Taysey Siqeno (fortepiano) Azərbaycan bəstəkarı, professor və Azərbaycanın Xalq artisti Musa Mirzəyevin ifasında “Trio si minor” əsərinin birinci hissəsini ifa ediblər. Gənc musiqiçilərin ifası tamaşaçılar tərəfindən hərarətlə və sürəkli alqışlarla qarşılanıb.
R.Hüseynzadə bu il P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini köməkçi stajor kimi başa vurub. O, beynəlxalq müsabiqələr laureatıdır, həmçinin Rusiya, ABŞ, Yaponiya və digər ölkələrin mötəbər konsert məkanlarında Azərbaycanı uğurla təmsil edir.
Gənc musiqiçi çıxışlarında Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayırır, ölkəmizin zəngin mədəni irsini beynəlxalq arenada təşviq edir.