AZERCELL ABONENTLƏRİNƏ ƏLAVƏ GÜZƏŞTLƏR OLUNACAQ
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yeni tarif paketi qüvvəyə mindikdən sonra “Ekonom”, “Standart”, “Biznes” paketinin istifadəçiləri əlavə pul ödəmədən bu kampaniyadan yararlana biləcəklər.
Beləliklə, yeni tarif paketi fakturalı xətt abonentlərinə hər ay abonent haqqı müqabilində əlavə danışıq vaxtı və qısa mesaj hədiyyə edir. “Standart” paketin müştəriləri hər ay abonent haqqı çərçivəsində 25 dəqiqə danışıq vaxtı və 50 qısa mesaj, “Ekonom” paketin sahibləri əlavə 10 dəqiqə danışıq vaxtı və 25 qısa mesaj, “Biznes” paketin sahibləri isə müvafiq olaraq 50 dəqiqə danışıq vaxtı və 100 qısa mesaj göndərmək imkanı qazanacaqlar.
Yeni tarif paketi fakturası hər ayın 25-nə qədər olan (ödəniş günü nəzərdə tutulur) abonentlər üçün bu il oktyabrın 25-dən, fakturası hər ayın 5-nə kimi olanlar üçün isə noyabrın 5-dən qüvvəyə minir. Ödəniş günündən asılı olaraq və göstərilən tarixdən etibarən abonentlər güzəştli danışıq vaxtı və əlavə qısa mesajdan həmin ay maksimum istifadə edərək növbəti aya saxlamamalıdır. Eyni zamanda, pulsuz danışıq vaxtı və qısa mesajlar şəbəkədaxili danışıqlara tətbiq olunur.