AZERCELL BEYNƏLXALQ “BAKUTEL-2005” SƏRGİSİNDƏ YENİLİK TƏQDİM ETMİŞDİR
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məlumatların sürətlə ötürülməsi infrastrukturun növbəti, ən müasir yeniliklərindən biri kimi EDGE, respublikamızda qabaqcıl texnologiyanın sınağını və onun kommersiya tətbiqini həyata keçirəcək. Bu texnologiya ölkənin hər bir yerində geniş surətdə istifadəyə veriləcəkdir.
EGPRS (təkmilləşdirilmiş GPRS) kimi də tanınan EDGE texnologiyası məlumatların mobil şəbəkə ilə ötürülmə sürətini GPRS-ə nisbətən 4 dəfə artırmağa imkan verir. Azercell Telekom şəbəkəsində keçirilmiş testlərin nəticələrinə əsasən, məlumatların daha sürətli ötürülməsinə nail olunub. Bundan sonra Azercell abonentləri təcrübədə EDGE-nin üstünlüklərindən - sürətli melodiya və fotoşəkillər mübadiləsi, WAP və digər müasir xidmətlərindən rahatlıqla istifadə edəcəklər. Bu zaman heç bir əlavə quraşdırma tələb olunmayacaq, EDGE-ni dəstəkləyən yeni telefon modelləri avtomatik olaraq GPRS əvəzinə EDGE seçəcəklər.
Azercell cari il noyabrın 1-dən bu müasir xidməti abonentlərinin istifadəsinə verəcəkdir.