“AZƏRDƏMİRYOLBANK” YENİ ƏMANƏT NÖVÜ TƏKLİF EDİR
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əmanətin hansı müddətə yerləşdirilməsindən asılı olmayaraq, müstəri istədiyi vaxt öz hesabından ona lazım olan məbləği, o cümlədən əmanətin tam məbləğini götürə bilər. Hətta məbləği müəyyən olunmuş müddətdən tez götürdükdə belə, əmanətçi bu məbləğin bankda qalan dövr üçün hesablanmış faizini də alır.
Əgər müştəri öz hesabından əmanətin tam yox, bir qismini götürürsə, depozitin qalan hissəsinə faizlər yenə də əvvəlcə müəyyən olunmuş dərəcələr üzrə hesablanır. Bu, “Universal” əmanətin əsas üstünlüyüdür.
Müştəri əmanətin müddəti sona çatana qədər hesabındakı pulları götürməyibsə, depozitin müddəti avtomatik olaraq bir daha həmin müddətə uzadılır və faizlərin müvafiq dərəcə üzrə hesablanması davam etdirilir.
Bu xidmətin daha bir rahatlığı ondadır ki, depozit hesabının açılması zamanı bank müştərinin istəyi ilə pulsuz Master Card plastik kartı verir və depozit üzrə faizlər həmin karta köçürülür. Müştərinin istəyindən asılı olaraq faizlər ayda və ya rübdə bir dəfə hesablanır. Bu isə müştəriyə məzuniyyətdə, yaxud ezamiyyətdə olarkən, ya da xaricdə təhsil alarkən istənilən an öz pullarından istifadə etmək imkanı verir.
“Universal” bu gün Azərbaycanın bank bazarında oxşarı olmayan xidmətdir. Müştərilər “Azərdəmiryolbank”ın bu xidmətindən Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala, Quba, İmişli və Lənkəran filiallarında istifadə edə bilərlər.