İQTİSADİYYAT
“AzərEnerji”: Elektrik stansiyalarında atmosferə atılan qaz emissiyasının azalması ilə bağlı işlər görülür
Bakı, 14 noyabr, AZƏRTAC
Qlobal iqlim dəyişikliyi ilə bağlı təhdidlər artır. Bu cür təhdidlərə qarşı “AzərEnerji” ASC olaraq mühüm layihələri reallaşdırırıq.
Bunu AZƏRTAC-a açıqlamasında “AzərEnerji” ASC-nin istehsalat operatorunun direktor müavini Təbriz Cəbrayılov bildirib.
Qurum rəsmisi qeyd edib ki, “AzərEnerji” bərpaolunan enerji mənbələrindən istifadə ilə yanaşı elektrik stansiyalarında atmosferə atılan qaz emissiyasının azalması ilə bağlı da işlər görür.
“Bu gün “AzərEnerji” ilə beynəlxalq “GE Vernova” şirkəti arasında imzalanan sənəd Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasında istismar olunan qaz turbinlərinin birinin şirkət tərəfindən 100 faiz hidrogen yanacağına keçirilməsi ilə bağlıdır. Bu sənədin imzalanması atmosferə atılan emissiyanın azaldılmasında mühüm rol oynayır. Bu proses iki istiqaməti əhatə edir. Birinci istiqamət yanmadan əvvəlki texnologiya, ikinci istiqamət yanma sənayesi texnologiyası. Yanma texnologiyasında biz hidrogen yanacağına keçidi nəzərdə tuturuq. İkincidə isə biz karbon emissiyasını 95 faiz azaltmağa nail olacağıq”, - deyə Təbriz Cəbrayılov bildirib.
Qeyd edək ki, bu gün “AzərEnerji” ASC və “GE Vernova” şirkəti arasında Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasının qaz turbinlərindən birinin tam hidrogen yanacağı ilə işləməsilə bağlı sənəd imzalanıb.