“AzerGold” QSC-nin yeni saytı istifadəyə verilib
Bakı, 30 iyun, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi internet səhifəsi “www.azergold.az” yeni dizaynda istifadəyə verilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, yenilənmiş sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib. Yeni korporativ saytda əsas diqqət istifadəçilərin rahatlığının təmin edilməsi, cəmiyyətin bütün fəaliyyət istiqamətləri haqqında daha dolğun və şəffaf məlumatların çatdırılması hədəfinə yönəldilib.
Əsas səhifədə yerləşdirilmiş yeni interaktiv xəritə vasitəsilə ölkə üzrə faydalı filiz yataqları, o cümlədən “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi ərazi və yataqlar barədə ətraflı məlumat əldə etmək mümkündür. Eyni zamanda, təchizat və işə qəbul proseslərinin şəffaflığının təmin edilməsi məqsədilə saytın müvafiq bölmələrində cari tender və vakansiyalar üzrə müvafiq ən son məlumat və elanlarla da tanış olmaq olar. Saytın əsas səhifəsində cəmiyyətin istehsal etdiyi məhsullar - qızıl, gümüş sikkə və külçələrin onlayn sifariş platforması olan “azergold.gift” saytına da birbaşa keçid inteqrasiya edilib. Yenilənmiş saytda cəmiyyətin fəaliyyətinə dair informasiya ilə jurnalistlərin daha asan və çevik təmin olunması üçün abunəlik funksiyası da əlavə edilib. Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.