İQTİSADİYYAT
“Azəriqaz”ın Çağrı mərkəzinə qaz sızması ilə bağlı 41 müraciət daxil olub
Bakı, 9 yanvar, AZƏRTAC
Bu gün gecə saatlarından havalar kəskin soyumağa başladı və bilirik ki, bu kəskin hava şəraiti qışa xarakterik bir haldır. Bu baxımdan biz əvvəldən fors-major halları, ümumiyyətlə, soyuq hava şəraitinə hazır idik. Çünki ilin bütün fəsillərində məqsədimiz qışa hazırlıqla bağlı tədbirlərin görülməsindən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev deyib.
Şöbə rəisi bildirib ki, axşam saatlarından birliyin mobil qrupları, Qəza-bərpa xidməti əməkdaşları gücləndirilmiş iş rejimində çalışmağa başlayıblar: “Heyətimiz 2 dəfə artıb. Bakı və Abşeron üzrə, eyni zamanda, rayon Qaz İstismarı idarələrinin əməkdaşları bölgələrdə bu prosesi layiqincə yerinə yetirməyə başladılar”.
“Axşam saatlarında “Azəriqaz”ın Çağrı mərkəzinə 181 zəng qazın təzyiqində problemin olması ilə bağlı, 57 abonent qazın olmaması ilə bağlı, 41 abonent isə qaz sızması ilə bağlı müraciət edib. Əməkdaşlarımız dərhal havanın hansı şəraitdə olmasına baxmayaraq, hadisə yerində olublar və sızmanın aradan qaldırılması istiqamətində dərhal fəaliyyətə başlayıblar. Nəticədə təhlükənin qarşısı alınıb. Eyni zamanda, gecə saatlarında dəm qazından zəhərlənmə halı da baş verib. Dəm qazından zəhərlənmə ilə bağlı “104” Çağrı mərkəzinə 7 müraciət daxil olub”,- deyə Eldəniz Vəliyev diqqətə çatdırıb.
Şöbə rəhbəri Suraxanı və Xəzər rayonlarında xırda problemlərin yarandığını vurğulayıb: “Bu lokal problemlər bir neçə evin qaz təminatında baş verib. Onların bəziləri dərhal gecə həll olundu, bir qismi isə bu gün günorta saatlarına qədər aradan qaldırıldı. Ümidvaram ki, bundan sonra daha geniş mənada bizim qaz təchizatımızda problem yaranmayacaq”.