“Azərişıq” ASC-nin sədri Balakəndə vətəndaşlarla görüşüb
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Balakən və Zaqatala rayonlarından olan vətəndaşlarla görüşüb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul Balakən şəhəri, Atatürk prospekti 2A ünvanında yerləşən Balakən Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Balakən şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.