“AZƏRREYL”-“SRVENA ZVEZDA” GÖRÜŞÜ AZƏRBAYCAN VOLEYBOLÇULARININ QƏLƏBƏSİ İLƏ BAŞA ÇATDI
AZƏRTAC xəbər verir ki, yanvarın 5-də Bakı İdman Sarayında çempionlar liqasının qrup turniri çərçivəsində qadınlardan ibarət “Azərreyl” (Azərbaycan) və “Srvena zvezda” (Serbiya və Çernoqoriya) komandaları arasında görüş keçirilmişdir.
Xatırladaq ki, voleybolçularımızın rəqibləri B qrupunda sonuncu yerdədir. Burada yenə də İtaliyanın “Sant Orsola Asistel” klubu liderdir. O, dekabrın axırlarında İspaniyanın “Marişal” komandasını məğlubiyyətə uğratmışdır - 3:0. İtalyanlar 14 xal, ispaniyalılar 11 xal toplamışlar. “Azərreyl”in bu görüşədək 10 xalı vardı.
Oyunun birinci hissəsi gərgin mübarizə şəraitində keçdi. Meydança sahibləri rəqiblərindən daha təcrübəli olsalar da, öz üstünlüklərindən istifadə etməkdə çətinliklə qarşılaşdılar. Faiq Qarayevin yetirmələri yalnız hissənin sonuna yaxın təşəbbüsə yiyələnərək, onu qələbə ilə başa çatdırdılar - 30:28.
İkinci hissə voleybolçularımızın aşkar üstünlüyü ilə keçdi və onlar 6 top fərqi ilə qələbə qazandılar - 25:19.
Üçüncü hissə də gərgin mübarizə şəraitində davam etdi. Əvvəlcə qonaqlar hesabda hətta irəli çıxdılar. Lakin idmançılarımız yenidən daha mükəmməl oyun nümayiş etdirərək qalib gəldilər - 25:22.
Beləliklə, “Azərreyl” Serbiya və Çerneqoriyada olduğu kimi, Bakıda da “Srvena zvezda”nı 3:0 hesabı ilə məğlubiyyətə uğratdı. Bu qələbədən sonra voleybolçularımız turnir cədvəlində ikinci yerə keçdilər.
“Azərreyl” Bakıda növbəti görüşünü yanvarın 11-də Türkiyənin “Beşiktaş” klubu ilə keçirəcəkdir.