CƏMİYYƏT
AZƏRTAC-ın kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub
Bakı, 27 sentyabr, AZƏRTAC
27 sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın dövlət qurumlarının əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edirlər.
AZƏRTAC-ın kollektivi də Zəfər parkında olub, parkın girişində xatirə daşının önünə gül dəstələri qoyublar.
İdarənin kollektivi Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin layihəsinin əks olunduğu stendlərə baxıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq. 8 Noyabr prospektində inşa olunan Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcək.