AzMİU beynəlxalq elm xəritəsində: MPMMA 2026 universitetin yeni inkişaf mərhələsini göstərdi
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən “Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri” II beynəlxalq konfransı – MPMMA 2026 bu ali təhsil müəssisəsinin son illərdə keçdiyi inkişaf yolunun, elmi potensialının və beynəlxalq akademik mühitdə artan nüfuzunun konkret göstəricilərindən biridir.
Elm və Təhsil Nazirliyi, AzMİU, Gürcüstan Universiteti, Türkiyənin Yıldız Texniki Universiteti və Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş konfransa 22 ölkədən 178 elmi məruzənin qəbul edilməsi, onların 82-nin xarici həmmüəlliflərlə hazırlanması tədbirin miqyasını və elmi əməkdaşlıq platforması kimi əhəmiyyətini aydın göstərir.
AZƏRTAC universitetin elmi potensialı, beynəlxalq əməkdaşlığı və son reytinq göstəriciləri fonunda konfransın nəticələrinə nəzər salır.
Mühəndis universitetindən qlobal elmi platformaya
AzMİU memarlıq, inşaat, şəhərsalma və mühəndislik sahələri üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi kimi tanınır. Lakin MPMMA 2026 göstərdi ki, universitetin elmi fəaliyyəti artıq daha genişdir. Riyaziyyat, mexanika, süni intellekt, informasiya təhlükəsizliyi, rəqəmsal texnologiyalar, struktur mexanikası, biomatematika və optimallaşdırma kimi istiqamətlər AzMİU-nun müasir elmi gündəliyində mühüm yer tutur.
Bu, təsadüfi proses deyil. Müasir mühəndislik yalnız klassik texniki biliklərlə məhdudlaşmır. Bu gün şəhərlərin, binaların, nəqliyyat sistemlərinin, enerji infrastrukturunun və təhlükəsizlik modellərinin inkişafı riyazi modelləşdirmə, süni intellekt, məlumat analitikası, kiberdayanıqlılıq və rəqəmsal idarəetmə həlləri ilə birbaşa bağlıdır.
Elmi potensial: rəqəmlərin arxasında dayanan baza
Konfransın AzMİU-da keçirilməsi həm də universitetin mövcud elmi potensialı ilə bağlıdır. Hazırda universitetdə Dövlət Mükafatı laureatları, AMEA-nın üzvləri, elmlər doktorları, professorlar və fəlsəfə doktorları daxil olmaqla 600-dən çox professor-müəllim heyəti fəaliyyət göstərir. Onların sırasında 60-dan çox elmlər doktoru, 300-ə yaxın fəlsəfə doktoru var.
Xüsusilə Ali riyaziyyat, Mexanika, İnşaat konstruksiyaları, İnformasiya texnologiyaları və sistemləri kafedralarında çalışan alimlərin “Scopus”, “Web of Science”, “ResearchGate”, ORCID və “Google Scholar” kimi beynəlxalq elmmetrik bazalarda təmsil olunması universitetin elmi fəaliyyətinin beynəlxalq mövqeyini artırır.

QS nəticələri
MPMMA 2026-nın əhəmiyyətini AzMİU-nun son beynəlxalq reytinq nəticələri fonunda qiymətləndirmək daha doğru olar. Universitet “QS World University Rankings 2027” reytinqində ilk dəfə dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olaraq 951–1000-ci pillələr qrupunda qərarlaşıb. Ötən il 1001–1200-cü qrupda yer alan AzMİU üçün bu, mühüm irəliləyişdir.
“Academic Reputation” indikatoru üzrə AzMİU dünya universitetləri arasında 567-ci yerdə qərarlaşıb. Bu nəticə universitetin beynəlxalq akademik ictimaiyyət tərəfindən tanınmasının və qəbul edilməsinin göstəricisidir.
“Employer Reputation” göstəricisi üzrə isə universitet bir il ərzində 185 pillə irəliləyərək dünya universitetləri arasında 453-cü yerə yüksəlib. Bu, AzMİU məzunlarının əmək bazarında rəqabət qabiliyyətinin və universitetin sənaye ilə əlaqələrinin gücləndiyini göstərir.
Son bir ildə beynəlxalq elmi bazalarda indeksləşən nəşrlərin sayının 51 faiz artması, ümumi sitatların 172 faiz, normallaşdırılmış sitat göstəricisinin isə 141 faiz yüksəlməsi universitetin elmi fəaliyyətində keyfiyyət mərhələsinə keçidin əlamətidir.
Hazırda “Web of Science” bazasında AzMİU üzrə 570 məqalə, “Scopus” bazasında isə 999 məqalə qeydə alınıb. “Web of Science” üzrə H-index göstəricisi 15, “Scopus” üzrə H-index göstəricisi isə 20-dir.
Bundan əlavə, MPMMA 2026-da olan 25 məruzə “Scopus”da indeksləşdiriləcək.

Riyaziyyat və mexanikanın tətbiqi: AzMİU üçün təbii üstünlük
Konfransın əsas mövzusu olan riyaziyyat, mexanika və onların tətbiqləri AzMİU-nun profilinə tam uyğundur. İnşaat mühəndisliyi, memarlıq, zəlzələyə davamlı konstruksiyalar, materialşünaslıq, nəqliyyat-logistika sistemləri, su təsərrüfatı və “ağıllı şəhər” texnologiyaları riyazi modelləşdirmə və mexaniki hesablamalar olmadan inkişaf edə bilməz.
Universitetdə Abidələrin bərpası və mühafizəsi, Metal və ərintilər fizikası, İnşaat materiallarında nanotexnologiyaların tətbiqi, İnşaat materialları elmi-tədqiqat və sınaq laboratoriyası, Funksional analiz və tətbiqləri, İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, Texnoloji maşın və avadanlıqların təkmilləşdirilməsi, Su təsərrüfatı və suyun ekologiyası kimi laboratoriyalar fəaliyyət göstərir.
AzMİU-da son illər yaradılan Süni İntellekt Mərkəzi, Risklərin qiymətləndirilməsi və idarə olunması Elmi-Tədqiqat Mərkəzi, Riyazi analiz laboratoriyası və Zəlzələ araşdırmaları Elmi-Tədqiqat Mərkəzi universitetin klassik mühəndislikdən rəqəmsal və analitik mühəndislik mərhələsinə keçidini göstərir.

Süni intellektdən ağıllı binalara qədər
Mühəndislik sahəsində “ağıllı binalar”, rəqəmsal əkiz sistemləri, IoT əsaslı idarəetmə modelləri, kiberfiziki sistemlər və innovativ tikinti texnologiyaları xüsusi diqqət mərkəzindədir. Bu mövzular AzMİU üçün strateji əhəmiyyət daşıyır. Çünki gələcəyin şəhərləri artıq yalnız memarlıq layihələri ilə deyil, məlumatlara əsaslanan idarəetmə, enerji səmərəliliyi, təhlükəsizlik, dayanıqlılıq və rəqəmsal infrastruktur üzərində qurulur.
Beynəlxalq elmi diplomatiya platforması
MPMMA 2026-nın mühüm nəticələrindən biri də elmi diplomatiya baxımından ortaya çıxır. ABŞ, Almaniya, Kanada, Türkiyə, Gürcüstan, Serbiya, Hindistan, Özbəkistan, İsrail, Polşa, İtaliya, Qətər, Çexiya, İraq və digər ölkələrin alimlərinin AzMİU platformasında bir araya gəlməsi universitetin beynəlxalq əlaqələr şəbəkəsini genişləndirir.
Əsl nəticə konfransdan sonra başlayır: yeni birgə tədqiqatlar, ortaq məqalələr, qrant müraciətləri, akademik mobilliklər, doktorant və gənc tədqiqatçılar üçün beynəlxalq əlaqələr məhz belə platformalarda formalaşır.
AzMİU-nun Gürcüstan Universiteti, Yıldız Texniki Universiteti və Riyaziyyat İnstitutu ilə birgə təşkilatçılıq modeli də bu baxımdan əhəmiyyətlidir. Bu model universitetin regional və beynəlxalq elmi tərəfdaşlıqda passiv iştirakçı deyil, təşəbbüskar tərəf kimi çıxış etdiyini göstərir.

AzMİU-nun beynəlmiləlləşmə strategiyasının davamı
Son illər AzMİU-da beynəlmilliləşmə istiqamətində ardıcıl addımlar atılır. QS reytinqində irəliləyiş, ikili diplom proqramlarının genişlənərək 14-ə çatması, beynəlxalq tələbələrin sayında artım, xarici universitetlərlə əməkdaşlıq, elmi bazalarda indeksləşən nəşrlərin çoxalması və beynəlxalq konfransların təşkili bu strategiyanın ayrı-ayrı həlqələridir.
MPMMA 2026 bu həlqələri birləşdirən mühüm platformalardan biridir. Çünki burada tədris, elm, beynəlxalq əməkdaşlıq və innovasiya eyni müstəvidə bir araya gəlir.
Universitetin son bir ildə beynəlxalq tələbələrin sayında 44 faiz artıma nail olması da AzMİU-nun xarici akademik mühit üçün daha cəlbedici ali təhsil müəssisəsinə çevrildiyini göstərir.
Konfransın əsas mesajı aydındır: AzMİU artıq regional ali təhsil müəssisəsi olmaqla kifayətlənmir, beynəlxalq elmi əməkdaşlığın fəal iştirakçısı və yeni ideyaların müzakirə olunduğu mühüm elm mərkəzlərindən biri kimi formalaşır.