ELM VƏ TƏHSİL
AzMİU tələbəsinin layihəsi “Mariya Skladovskaya-Küri” proqramının qalibi olub
![](/files/galleryphoto/2024/1/1200x630/17083427734259649743_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1708342773429742167_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17083427733274324030_1200x630.jpg)
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin ekologiya mühəndisliyi ixtisaslaşması üzrə magistrantı Hüsniyyə Necati elm sahəsində Avropanın ən qabaqcıl proqramlardan biri olan “Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramını qazanıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən qrant Hüsniyyə Necatinin “Abşeronda neft və qazla çirklənmiş ərazilərin təmizlənməsi” layihəsinə ayrılıb.
Ekologiya kafedrasının baş müəllimi Fərhad Əliyevin elmi rəhbərliyi ilə hazırlanan layihədə Abşeron yarımadasının neft və qazla çirklənmiş ərazilərinin təmizlənərək ekoloji tarazlığının təmin olunması nəzərdə tutulub.
“Mariya Skladovskaya-Küri” təqaüd və qrant proqramı Hüsniyyə Necatiyə bir il müddətində Avropanın, xüsusilə Almaniyanın mövzu ilə əlaqədar qabaqcıl universitet və elmi-tədqiqat institutlarında təcrübə aparmağa imkan verəcək.
Hüsniyyə Necati həm də Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda çalışır.
Qeyd edək ki, “Mariya Skladovskaya- Küri” proqramı Avropa İttifaqı ölkələri tərəfindən maliyyələşdirilən və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafını təmin edən proqramdır. Bu proqram radioaktivlik sahəsində əldə etdiyi uğurlarla şöhrət qazanan, ilk və iki dəfə Nobel mükafatı laureatına layiq görülmüş kimyaçı-fizik Mariya Skladovskaya-Kürinin adı ilə bağlıdır.