İQTİSADİYYAT
AZPROMO: Milli İxrac Strategiyası yaxın günlərdə hökumətə təqdim olunacaq
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) hazırda Milli İxrac Strategiyası üzərində işləyir. Strategiya yaxın günlərdə hökumətə təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dekabrın 2-də onlayn B2G forumunda deyib.
Y.Abdullayev qeyd edib ki, Milli İxrac Strategiyası sentyabrın sonunda Nazirlər Kabinetinə təqdim olunacaqdı. Ölkədə baş verən müəyyən səbəblərdən proses təxirə salındı. Beşillik strategiya Avropa İttifaqı ekspertlərinin iştirakı ilə hazırlanır. Məqsəd 2025-ci ilin sonunadək qeyri-neft ixracını artırmaqdır. Milli İxrac Strategiyası Azərbaycanda ixraca yönəlmiş iqtisadi inkişafın, o cümlədən ixracın təşviqi və hüquqi tənzimlənməsinin, həmçinin şirkətlərin ixraca istiqamətləndirməsi üçün əsas siyasət çərçivəsini müəyyən edəcək.