“Aztelekom”un əməkdaşlarından Nabranda təmizlik aksiyası VİDEO
Xaçmaz, 8 iyun, Elxan Yusifli, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) kollektivi ekoloji aksiya çərçivəsində Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən sahilyanı çimərlik əraziləri və meşə massivini məişət tullantılarından təmizləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd dənizin çirkləndirilməsinin qarşısının alınması, o cümlədən sahilyanı ərazilərdə təmizliyə riayət olunması, məişət tullantılarının Xəzərin faunasına vurduğu ziyanla bağlı ictimaiyyətin maarifləndirilməsindən ibarətdir.
Aksiya iştirakçılarının nəzərinə çatdırılıb ki, insanın ətraf mühitə vurduğu zərər onun öz sağlamlığını təhlükəyə məruz qoyur. Hər bir insanın öz ətrafına biganəliyi, əlindəki zibili yerə atması da ekoloji problemlərə səbəb olur.
Çimərlik mövsümünün başlanmasına az qalmış belə tədbirin keçirilməsi yerli sakinlər tərəfindən razılıqla qarşılanıb.
“Aztelekom” MMC-nin kollektivi bu qəbildən olan sosial aksiyaları digər bölgələrdə də davam etdirəcək.