Badri Naçkebiya: Azərbaycanın ŞƏT daxilindəki uğuru Prezident İlham Əliyevin çoxvektorlu diplomatiyasının nəticəsidir
Tbilisi, 2 sentyabr, AZƏRTAC
Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısı çərçivəsində keçirilən görüşlərdə biz növbəti dəfə Azərbaycanın diplomatik uğurunun şahidi olduq. Bu uğur, ilk növbədə, çoxvektorlu siyasət həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin məharətli diplomatiyasının nəticəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, professor Badri Naçkebiya deyib.
Onun sözlərinə görə, bu siyasətin istiqamətlərindən biri də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr ilə münasibətlərdir. Azərbaycanın diplomatik cəbhədə yeni zirvələr fəth etməsi, ŞƏT ölkələri ilə münasibətlərini yaxşılaşdırması və eyni zamanda, bu platformadan Ermənistan-Azərbaycan münasibətləri kimi problemin yekun həlli üçün istifadə etməsi həqiqətən çox sevindiricidir.
"Hesab edirəm ki, məhz Bişkekdə, ŞƏT platformasında keçirilən görüş Ermənistana da göstərdi ki, bu region, Mərkəzi Asiya regionu və Orta Dəhliz yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə “İpək Yolu” adlandırılan marşrut üzərində yerləşən bütün ölkələr üçün çox mühüm əhəmiyyət kəsb edir", - deyə politoloq bildirib.
O əlavə edib ki, Azərbaycan Prezident İlham Əliyevin səyləri və məharətli diplomatiyası sayəsində İpək Yolunun əsas dayaqlarından biri kimi bütün ölkələr arasında sabitliyi, inkişafı və dostluq münasibətlərini möhkəmləndirməkdə davam edəcək.