Gürcü politoloq: Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafı regiona müsbət təsir göstərəcək VİDEO
Tbilisi, 2 sentyabr, AZƏRTAC
Azərbaycan bizim üçün sadəcə qonşu və dost ölkə deyil, ən etibarlı strateji tərəfdaşdır. Əgər Azərbaycanla birlikdə regional və beynəlxalq layihələri həyata keçirsək, əlbəttə, bu, ölkəmiz üçün faydalı olacaq. Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, dünya arenasında mühüm rol oynayan dövlətdir. Bu baxımdan, Azərbaycan Prezidentinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakını yüksək qiymətləndiririk. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı, keçirdiyi görüşlər və qaldırdığı məsələlər təkcə Azərbaycan və ya Cənubi Qafqaz üçün deyil, bütövlükdə qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü analitik, professor, “Vahid Neytral Gürcüstan” partiyasının regional katibi Levan Nikoleişvili söyləyib.
Onun sözlərinə görə, ŞƏT bir sıra vacib layihələrin reallaşmasında, eləcə də bir sıra məsələlərin, o cümlədən təhlükəsizlik məsələlərinin həllində mühüm rol oynayır: “Əlbəttə, bu, mühüm amildir və biz Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın tərəfdarıyıq. Əgər bütün bunlar Gürcüstanın və Cənubi Qafqazın maraqlarına xidmət edirsə, təbii ki, bunu müsbət qarşılayırıq".
Politoloq qeyd edib ki, ŞƏT çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü də mühüm əhəmiyyət kəsb edir. Bu görüş regionda uzun illər mövcud olan münaqişənin tamamilə aradan qalxması istiqamətində növbəti addımdır. Münasibətlər isə sülh yolu ilə inkişaf edir.
"Bu münasibətlər Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın və inkişafın daha yüksək səviyyəyə qalxması üçün əsas yaradır. Bu isə, əlbəttə, Gürcüstana və bütövlükdə Cənubi Qafqaz regionuna da müsbət təsir göstərəcək. Azərbaycan, Ermənistan və Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşması hər üç ölkəyə daha böyük iqtisadi uğurlar gətirə bilər", - deyə L.Nikoleişvili bildirib.