Bahar Muradova: “Zərif mühəndislər” layihəsi qızların təhsilinə xüsusilə dəstək olacaq

Bakı, 4 mart, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq həm qanunverici ölçüdə, həm də effektiv icra mexanizmlərinin yaradılması sahəsində yaddaqalan tarixi yol keçmişik. Qadın hüquqları, vətəndaş hüquqları, onların sosial statusu üzərinə qoyduğu öhdəlikləri yerinə yetirmək üçün dövlət vacib olan bütün tədbirləri həyata keçirib. Erkən uşaqlıq dövründən başlayaraq yetkinlik yaşına qədər qızlar təhsil müəssisələrində, ali təhsil müəssisələrində öz hüquqlarını bilməli, dərk etməli, üzərlərinə düşən öhdəliklərini, vəzifələrini məsuliyyətlə qəbul etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova martın 4-də Bakıda keçirilən “Zərif mühəndislər” gənc mühəndis xanımların inkişafı layihəsinin təqdimat mərasimində çıxışı zamanı söyləyib.
B.Muradova bildirib ki, Azərbaycan dövləti qadınların, qızların hüquqları, onların anlaşılması, dərk edilməsi və məsuliyyət yükünün qəbul edilməsi, eləcə də təminatı məsələlərində öhdəliyinə düşən məsələlərə çox ciddi yanaşır: “Əldə etdiyimiz müstəqil dövləti, onun ərazi bütövlüyünün, suverenliyinin qorunması istiqamətində verdiyimiz qurbanları nəzərə alaraq, sabahkı günə bu nailiyyəti qorumaq, bu Qələbəni qorumaq, növbəti nəsillər üçün gələcək dönəmlərə daşımaq üçün çalışırıq. Uğurlu beynəlxalq layihələr icra edirik. Milli uğurlarımız meydana gəlir. Bu, sevindirici və qürurvericidir”.
“Dövlətin bizə ayırdığı imkanlar çərçivəsində, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində, sahibkarlarımız, iş adamlarımız biznes subyektləri ilə münasibətlərində qadınların da bu istiqamətlərdə iştirak olmasına çalışır. Kənd təsərrüfatı subyektləri, ailə təsərrüfatları, fermer təsərrüfatları, orta və kiçik sahibkarlıq subyektləri sahəsində bu artıq öz nəticəsini verib. Biz Dövlət Komitəsi olaraq qızların təhsilinə xüsusi diqqət yetiririk. Hazırda qızların təhsilinə dəstək proqramı icra olunmaqdadır. Düşünürəm ki, “Zərif mühəndislər” layihəsi qızların təhsilinə xüsusilə dəstək olacaq. Bunun davamlı olmasını arzu edirəm”, - deyə komitə sədri əlavə edib.