BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9140 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 10 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,0002 bənd qalxaraq, 0,9138 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 200 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,9138 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 210 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 191 898 AZN təşkil edir. Bir əqdə orta hesabla 105 000 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUR/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,91 faiz, ABŞ dolları üzrə isə 14,75 faiz təşkil etmişdir.
Birjada banklar arasında kredit alətləri üzrə fevralın 20-də əqdlər bağlanmamışdır.