Bakı Dövlət Universitetində dəyirmi masa: Şanlı ordumuz - qürurumuzdur
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş “Şanlı ordumuz - qürurumuzdur” adlı onlayn dəyirmi masa keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə rektor Elçin Babayev rəşadətli Azərbaycan Ordusunun yaranması və keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Ölkəmizdə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib, peşəkar, yüksəksəviyyəli nizami ordu formalaşıb.
E.Babayev qeyd edib ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ulu Öndərin əvəzsiz xidmətlərinin bəhrəsidir. Müdrik rəhbər Heydər Əliyev ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə şanlı ordumuzun gücünün və qüdrətinin göstəricisidir.
Rektor bu il 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününün fərqli ovqatda - qalib ölkənin qalib vətəndaşları olaraq qeyd etdiyimizi söyləyib. O bildirib ki, gələcək illərdə də bu bayram ölkəmizin daha böyük uğurları ilə qeyd olunacaq.
Milli Məclisin deputatı, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, BDU-nun professoru Anar İsgəndərov Azərbaycan Ordusunun yaranması və keçdiyi şərəfli yol haqqında məruzə ilə çıxış edib.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov, qazi, “YAŞAT” Fondunun əməkdaşı Elşad Haşımov, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi Fərhad Aydınlı mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda milli ordunun yaranma tarixi, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində xidmətləri, 2016-cı il Aprel döyüşlərində, Vətən müharibəsində şanlı ordumuzun göstərdiyi şücaətlər haqqında danışılıb.
Vətən müharibəsi iştirakçıları - BDU-nun Filologiya fakültəsinin 2019-cu il məzunu Elnur Soltanov, Tarix fakültəsinin 2017-ci il məzunu, ehtiyatda olan hərbçi Xəyal Zeynalov əsgərlərimizin şərəfli döyüş yolundan söz açıblar, Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüblər.