BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ YAPONİYA QRANTI HESABINA 4 DİL LABORATORİYASI AÇILDI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rəmzi qırmızı lenti Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara kəsmişlər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov bu münasibətlə keçirilən mərasimi açaraq demişdir ki, laboratoriyalar 350 min ABŞ dolları məbləğində Yaponiya qrantı hesabına başa gəlmişdir. Bu xeyirxah işə görə Yaponiya hökumətinə, dost ölkənin Bakıdakı səfiri Toşiyuki Fucivaraya, əlaqədar yapon firmalarına minnətdarlığımızı bildiririk.
Natiq daha sonra Azərbaycan-Yaponiya əlaqələrinin inkişafından, ölkələrimiz arasında dostluq körpüsünün salınmasında ümummilli liderimiz Heydər Əliyevin rolundan danışmışdır. O, əmin olduğunu bildirmişdir ki, Prezidentimiz İlham Əliyev bu körpünü daha da möhkəmləndirəcəkdir. Rektor məlumat vermişdir ki, universitetdə yapon dili mütəxəssisləri hazırlanır və bu il 6 gənc həmin ixtisas üzrə bakalavr pilləsini başa vuracaqdır. Ümid edirik ki, onlar magistratura mərhələsini Yaponiyada keçəcəklər.
Təhsil naziri Misir Mərdanov, Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara çıxış etmişlər.
Nazir Azərbaycan təhsilinə göstərdiyi qayğıya görə səfirə təşəkkür etmiş və bildirmişdir ki, respublikamızda son üç ilə yaxın müddətdə 2 milyon 400 min ABŞ dolları həcmində yapon qrantı hesabına 32 məktəb tikilmişdir.
Toşiyuki Fucivara ölkəsinin İpək yolu regionuna marağından, Cənubi Qafqaz və Orta Asiya ölkələri ilə siyasi-iqtisadi əməkdaşlığı genişləndirmək səylərindən, Azərbaycan neft layihələrində yapon şirkətlərinin iştirakından danışmışdır. O xatırlatmışdır ki, Yaponiya 1992-ci ildən bəri 5 Orta Asiya ölkəsinə 1 milyard 800 milyon, son dörd ildə isə Azərbaycana 430 milyon, Gürcüstana 107 milyon, Ermənistana 101 milyon ABŞ dolları məbləğində yardım etmişdir.
Abel Məhərrəmov səfir Toşiyuki Fucivaraya universitetin çoxsaylı professor-müəllim və tələbə kollektivi adından hədiyyə bağışlamışdır.