İQTİSADİYYAT
Bakı metrosu ötən il 219 milyona yaxın sərnişin daşıyıb
![Bakı metrosu ötən il 219 milyona yaxın sərnişin daşıyıb](/files/2024/1/1200x630/17050482351649711922_1200x630.jpg)
Bakı, 12 yanvar, AZƏRTAC
Payız-qış qrafikinə uyğun qaydada, hər iş günü 07:00-10:00 və 17:30-19:30 aralığı gur saat hesab olunub. Bu vaxt “28 May-Həzi Aslanov” sahəsində qatararası interval cari dövr üçün texniki cəhətdən mümkün olan ən minimal həddə - 2 dəqiqəyə salınıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, birinci və ikinci tədris növbələri arası sıxlıq dövründə isə xəttə ehtiyat qatarların buraxılması təmin edilməklə, məhz 2023-cü ildə ilk dəfə “Nərimanov” elektrik deposundan çıxan qatarın bəzi hallarda “28 May” stansiyasına qədər sərnişinsiz gəlməsi və daha sonra sərnişinlə “Dərnəgül” stansiyasına qədər hərəkət etməsi təmin olunub. Gur saatlarda qatarlar “Memar Əcəmi” və “Neftçilər” stansiyalarından geri qaytarılmaqla daha qısa marşrutla əsas yüklənmiş stansiyalarda sərnişin axınını tənzimlənib. Digər hallarda platforma səviyyəsinin ifrat dərəcədə yüklənməməsi məqsədilə platforma, eskalator meydançaları, vestibül və giriş sahələrindən nəzarət və sərnişin axınının tənzimlənməsi metodlarından istifadə olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə aparılmış monitorinqlər nəticəsində vestibüllərdə sərnişinlərin əl əşyalarının yoxlanılması üçün əlavə aparatların quraşdırılmasına ehtiyac duyulan stansiyalardan ikisində bu imkanlar müəyyən edilərək “Nərimanov” və “Gənclik” stansiyalarının hər iki vestibülünə daha 1 yoxlama aparatı quraşdırılıb. Bu isə stansiyaların buraxıcılıq qabiliyyətinə və beləliklə, sərnişin məmnuniyyətinə müsbət təsir göstərib. Stansiyalarla bağlı ən mühüm texnoloji yeniliklər sırasında yeni açar sisteminin (“Masteraçar”) tətbiq olunmasıdır. Bununla bir açar prinsipi ilə stansiyada olan bütün qapıların, asma qıfılların açılması təmin edilib. Təhlükəsizlik və operativliyi təmin edən bu sistem metropolitenin 27 stansiyasında 4 min 555 açarın ierarxiya prinsipi ilə vahid şəbəkəsinin qurulmasına şərait yaradıb.
QSC-dən həmçinin bildiriblər ki, sərnişin sayında artım müşahidə olunub. Hesabat ilində Bakı metrosu 219 milyon 452 min 134 sərnişin daşıyıb. Bu sərnişinlərdən 6 milyon 248 min 588-i, yaxud 2.85 faizi güzəştli olmaqla daşınıb. Orta hesabla gün ərzində 601 min 239 sərnişinə daşıma xidməti göstərilib. Ən çox sərnişin noyabrın 24-də daşınıb - 867 min 674 nəfər. Bu isə “Bakı Metropoliteni” QSC tarixində bir gün ərzində daşınmış ikinci ən böyük göstəricidir. “Əlçatan metro” layihəsi çərçivəsində də sərnişin sayı artıb. 2023-cü il bu istiqamətdə yeniliklər dövrü olub. 2023-cü ildə “Əlçatan metro” layihəsi üzrə əvvəlki illərlə müqayisədə rekord göstəriciyə nail olunub - 918 sərnişin daşınıb. Cəmi 7 nəfər sifarişdən imtina edib. Müqayisə üçün qeyd olunmalıdır ki, 2022-ci il ərzində “Əlçatan metro” layihəsindən 689 nəfər istifadə edib.
Bundan başqa, layihə üzrə sifarişlərin icrası zamanı sərnişini müşayiət edən qrupa daxil əməkdaşlara əlavə təlimatlar keçilib, işin xüsusiyyətləri əsasında sınaqlar təmin edilib. Personalın əlavə texniki qurğularla təchizatı məqsədilə aparılmış monitorinqlər əsasında Rusiya istehsalı olan, müvafiq beynəlxalq sertifikata malik daha iki qurğu alınıb. Bu qurğular eskalator üçün nəzərdə tutulmaqla, texniki cəhətdən digər analoqlarından mobilliyi və təhlükəsizliyinin daha təkmil olması ilə seçilir. Sərnişin fəallığının artması səbəbilə metropolitendə eskalator üçün nəzərdə tutulmuş iki yeni daşıma qurğusu da istifadəyə verilib. Bu istiqamətdə monitorinqlər və texniki imkanların genişləndirilməsi ilə bağlı araşdırmalar davam etdirilir. Ümumiyyətlə, layihə metropolitendən istifadə imkanları məhdud olan şəxslər üçün yaradılıb. Əlil arabası istifadəçiləri ilə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud, ahıl və yaşlı olanlar, habelə uşaq arabası ilə hərəkət edənlər də bu xidməti sifariş edə bilərlər.