MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında Belçika musiqi qrupunun ustad dərsləri keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Belçikanın Laterna Magica (duo) qrupunun ustad dərsləri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova ustad dərsin qonaqlarını və iştirakçılarını salamlayaraq, Brüsseldən olan professorlar Laura Poku və Nathalie Houtmanı tamaşaçılara təqdim edib.
Onlar da öz növbəsində BMA-nın rəhbərliyi və kollektivinə qonaqpərvərliyə görə təşəkkürünü bildirib və dəyərli musiqiçilərlə bu musiqi ocağında görüşməkdən məmnun olduqlarını vurğulayıblar.
Ustad dərsdə əvvəlcə Laura Poku və Nathalie Houtman lV-XIV əsrləri əhatə edən fleyta musiqisi, intibah dövrü musiqisi, qədim fleyta alətinin quruluşu, səslənməsi, orta əsr bəstəkarlarının musiqi üslubu haqqında tələbələrə videoçarx vasitəsilə məlumat veriblər, ardınca isə qədim fleyta alətində orta əsr musiqi parçalarından duet ifa ediblər.
Daha sonra peşəkar musiqiçilərin rəhbərliyi altında BMA-nın tələbələrinin ifasında orta əsr rəqs-dini musiqisi ekspromt ifa olunub.
Gənc ifaçılar peşəkar musiqiçilərdən faydalı məsləhət və tövsiyələr alıblar.