Bakı sakini: Bu günü sevinc və fərəhlə yaşamağa dəyər
Bakı, 10 noyabr, AZƏRTAC
Bu gecə bəlkə də xalqımızın tarixində ən gözəl və unudulmaz gecələrdən oldu. Desəm ki, bu gecənin yolunu uzun illərdir gözləyirdik, heç bir mübaliğəyə yol vermiş olmaram. Açığını deyim ki, uşaqdan böyüyə, körpədən ixtiyar qocaya qədər hamımız bu qələbənin təşnəsi idik. Görünür, belə çətinliklə başa gəldiyinə görə bu gecəni çimir eləmədən səhərədək bayram etmişik.
Bu sözləri noyabrın 10-da Qələbə günündə AZƏRTAC müsahibəsində Şəhidlər xiyabanını ziyarət edən minlərlə paytaxt sakinlərindən biri - Raya Babayeva söyləyib.
O, böyük sevgi və coşqu içində öz duyğularını bölüşərək deyib: “Bu qələbəni bizə rəşadətli Azərbaycan ordusu, onun qəhrəman əsgər və zabitləri yaşatdı. Bu qələbəni xalqımızın möhtəşəm birliyi, vətən yolunda bir yumruq kimi birləşməyi sayəsində əldə etdik. Ən nəhayət, bu qələbəni xalqımızın böyük oğlu, sevimli prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çox böyük, illərdən bəri bu günə hesablanmış müdrik və uzaqgörən siyasəti, titanik fəaliyyəti hesabına qazandıq. Bu günü sevinc və fərəhlə yaşamağa dəyər”.