Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən vətəndaşlar videoformatda qəbul edilir
Bakı, 12 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesinin səmərəli təşkilinə əlavə imkanlar yaratmaq, vətəndaşların BŞTİ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdir.
Videoqəbulda vətəndaşlar tərəfindən qaldırılmış məsələlər dinlənilir və qeydiyyata alınır.
Qeyd edək ki, BŞTİ tərəfindən keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna və ya (012) 599-12-22 nömrəli telefona zəng etməklə məlumat ala bilərlər.
Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.