Bakı-Sumqayıt yolunda qəza zamanı yol təsərrüfatına ciddi ziyan dəyib
Bakı, 17 mart, AZƏRTAC
Bu gün Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 10 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıb.
Qəza nəticəsində deformasiyaya uğramış yük maşını yolun hərəkət hissəsindən qaldırıcı kran vasitəsilə kənarlaşdırılıb.
Hadisə zamanı yol təsərrüfatına da ziyan dəyib, yol kənarında olan əyrixətli dəmir tirlər, yol nişanı və məlumatverici lövhə sıradan çıxıb.
Qəzanın fəsadlarının aradan qaldırılması və yol ilə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması üçün əraziyə agentliyin canlı qüvvəsi cəlb olunub.