BAKI-VYANA MARŞRUTUNDA YENİ AEROBUS
Avstriyanın aviaşirkətlər qrupu ötən ilin avqustunda birbaşa Bakı-Vyana reysləri təşkil etdikdən sonra uçuşların sayı həftədə 3 dəfədən 4 dəfəyədək çatdırılmışdır. Avstriya hava yollarının Bakıdakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, xidməti daha da inkişaf etdirmək və onun keyfiyyətini artırmaq məqsədi ilə martın 19-dan bu marşrutda ən yeni A-319 aerobusu işləyəcəkdir. 126 sərnişin tutan bu təyyarə Avstriya hava yolları parkının ən müasir nümunələrindəndir.
Uçuşların cədvəli Vyana hava limanı vasitəsilə Qərbi Avropanın 50-dən çox şəhəri ilə, habelə Şimali Amerika, Asiya və Avstraliya istiqamətində ən əlverişli əlaqə yaratmağa təminat verir.
Xatırladaq ki, Avropada öncül mövqelərdən birini tutan Avstriya hava yolları hazırda beş qitənin 64 ölkəsi ilə 124 istiqamətdə qlobal marşrutlar şəbəkəsini təmin edir.