Bakı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumuna ev sahibliyi edəcək VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı memorandum imzalanıb. Memorandumu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə Xüsusi Olimpiya Avropa və Avrasiya Hərəkatının prezidenti David Evangelista imzalayıblar.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını və bu foruma ev sahibliyi etməklə ölkəmizin yeni tarix yazacağını söyləyib. Nazir bildirib ki, cari il sentyabrın 24-28-də Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumu Bakıda keçiriləcək. Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət və qayğının nümayişi olacaq. Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc verəcək. Forumda 30 ölkədən 300-ə yaxın gənc və orta yaşlı nümayəndə bir araya gəlməklə yeni eraya geniş və parlaq körpü salacaq. Xüsusi Olimpiya Hərəkatı bu il 50 illiyini qeyd edəcək.
Azərbaycanda olmaqdan qürur hissi duyduğunu deyən David Evangelista ölkəmizdə idmanın inkişafına və gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Qeyd edib ki, Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun mükəmməl irsi yaddaqalan olacaq. Qurumun 50 illiyinə həsr olunmuş bu tədbir böyük bir çağırışla yadda qalacaq. Ziyalıları, gənc liderləri, mədəniyyət xadimlərini inklüzivliyin təşviqi üçün gənclərin malik olduqları potensialdan tam istifadə etməyə çağırırıq.
Sonra David Evangelista təqdimatla çıxış edib. Tədbirdə Xüsusi Olimpiya Hərəkatının fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.
Daha sonra Azərbaycan Xüsusi Olimpiya Təşkilatının prezidenti Şahin Əliyev və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev hər iki qurum arasında əməkdaşlığa dair müqaviləni imzalayıblar.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, beş gün ərzində keçiriləcək forum Azərbaycan Hökuməti tərəfindən dəstəklənir. Tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayrılması üçün böyük qüvvə və təkan olacaq. Forum Xüsusi Olimpiya Hərəkatı çərçivəsində gənclərin sosial layihələrinin başlanmasında yeni mərhələyə təkan verəcək. 1968-ci ildə əsası qoyulan Xüsusi Olimpiya Hərəkatının 5 milyona yaxın üzvü, 170 ölkədən tərəfdaşları var.
1990-cı ildə təməli qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatı sıralarında bu gün müxtəlif yarışlara qatılan 5 minə yaxın idmançını birləşdirir.