BAKIDA AZƏRBAYCAN-İSRAİL AQRO-BİZNES FORUMU İŞƏ BAŞLAMIŞDIR
Hər iki ölkənin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 60-dan artıq şirkətin nümayəndələrinin iştirak etdiyi tədbirdə kənd təsərrüfatı naziri İsmət Abasov, İsrailin ölkəmizdəki səfiri Artur Lenk bu forumun dövlətlərimiz arasında iqtisadi münasibətləri daha da genişləndirmək, işgüzar əlaqələrin inkişafına dəstək vermək, eləcə də Azərbaycanda sərmayə imkanlarını öyrənmək və birgə əməkdaşlıq baxımından faydalı olacağını bildirmişlər.
Azərbaycanın iqtisadi uğurlarından danışan iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, ölkəmizin regionda nüfuzunun günbəgün artdığını, respublikada qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatı sahəsinin inkişafının prioritet olduğunu, bu baxımdan, inkişaf etmiş kənd təsərrüfatına malik İsrailin təcrübəsindən yararlanmağın üstünlüklərini diqqətə çarpdırmışdır.
Azərbaycanla İsrail arasındakı ticarət dövriyyəsi səviyyəsinin ölkələrimizin potensialını əks etdirmədiyini vurğulayan M.Cabbarov, respublikamızda xarici sərmayədarlar üçün əlverişli şərait yaradıldığını söyləmişdir.
Bildirilmişdir ki, biznes-forum ölkələrimizin potensialından daha geniş istifadə imkanlarının təhlili, İsrailin kənd təsərrüfatı təcrübəsinin öyrənilməsi baxımından da faydalıdır.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev ölkəmizin kənd təsərrüfatı barədə məlumat vermiş, İsrail şirkətlərinin təqdimatı olmuşdur.
Forum işini fevralın 21-də Qubada davam etdirəcəkdir.