BAKIDA “BAKUMEBEL-2004” BEYNƏLXALQ SƏRGİSİ AÇILACAQDIR
Konfransda Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov, BAKUMEBEL sərgisinin layihə meneceri Kamran Mehdiyev və İteca Caspian şirkətinin direktoru Fərid Məmmədov çıxış etmiş, sərgi, onun əhəmiyyəti, təmsil olunacaq şirkətlər haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, BAKUMEBEL sərgisi yerli istehsalçıların üzə çıxmasına, bazarda sağlam rəqabətin formalaşmasına, yeni müqavilələrin imzalanmasına təkan verəcəkdir.
Sərgidə Azərbaycanla yanaşı, Avstriya, Rusiya, İtaliya, Türkiyə, Polşa və Almaniyanın tanınmış şirkətləri mənzil, ofis, mehmanxana, restoran və əyləncə mərkəzləri və s. üçün mebel dəstləri, interyer, dizayn və mebel istehsalı üçün aksessuarlar, həmçinin parça örtükləri nümayiş etdirəcəklər.
Sərgi çərçivəsində seminar və konfransların, eləcə də mini-şou və lotereya oyunlarının keçirilməsi də planlaşdırılmışdır.
Dövlət Tikinti və Arxitektura Komitəsi, Ticarət və Sənaye Palatası, Sərmayələrin Təşviqi və Məsləhət Fondu tərəfindən rəsmi dəstək almış sərgi 4 gün davam edəcək. Bu tədbirlə Azərbaycanda payız sərgi mövsümü öz işini başa çatdıracaqdır.