BAKIDA BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ KEÇİRİLƏCƏKDİR
Ticarət və Sənaye Palatasının (TSP) vitse-prezidenti Mehman Əhmədov dövlətimizin başçısı İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi qayğını, bu sahəyə büdcədən ayrılan vəsaitin ilbəil artdığını vurğulamış və bildirmişdir ki, belə sərgilərin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından xəbər verir.
Azərbaycan Stomatoloji Assosiyasiyasının (ASA) məsul katibi Zöhrab Qarayev dünyada stomatologiya sahəsində əldə olunan ən son nailiyyətlərin nümayiş etdiriləcəyi sərginin bu sahədə fəaliyyət göstərən vətəndaşlarımız üçün faydalı olacağını qeyd etmişdir.
Sərginin meneceri Samirə Teymurova məlumat verib demişdir ki, tədbirin təşkilatçıları “İTE Group PLC” və onun Qafqazdakı tərəfdaşı olan “İteca Caspian LLC” şirkətləridir. Bundan əlavə, Səhiyyə Nazirliyi, TSP, Azərbaycanda İxarcın və İnvestisiyanın Təşviqi Fondu (AZPROMO), Milli Sahibkarlar Konfederasiyası, ASA və TÜSİAB sərginin təşkilinə rəsmi dəstək verəcəkdir.
Menecer demişdir ki, sentyabrın 26-dan 29-dək keçirilən sərgidə dünyanın 22 ölkəsindən 140 şirkət iştirak edəcəkdir. Qeyd olumuşdur ki, ötən illə müqayisədə şirkətlərin sayı 35 faiz, o cümlədən yerli şirkətlərin sayı 25 faiz artmışdır.
BİHE sərgisi çərçivəsində sentyabrın 29-da “Avropa” hotelində “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Tədbirdə Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İsraildən 120-dən çox mütəxəssis iştirak edəcəkdir.