BAKIDA BİNSA-NIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Assosiasiyanın prezidenti, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov iclası acaraq, gündəlikdə duran məsələlər barədə məlumat vermiş, tədbirin səmərəli olacağına əminliyini bildirmişdir. O, təşkilatın nüfuzunun getdikcə artdığını və Qara dəniz hövzəsində iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yarandığını qeyd etmişdir.
Assosiasiyanın baş katibi Sergey Melaşşenko BİNSA-nın fəaliyyətini yüksək qiymətləndirərək, üzv təşkilatlar arasında əməkdaşlığın daha dinamik və səmərəli olmasında qurumun göstərdiyi səylərin əhəmiyyətindən danışmışdır.
Digər çıxış edənlər BİNSA-nın işindəki çatışmazlıqları aradan qaldırmaq üçün təkliflərini vermişlər. Qeyd olunmuşdur ki, qurumun fəaliyyətini daha da yaxşılaşdırmaq üçün üzv təşkilatlar arasında əlaqələri genişləndirmək lazımdır.
Ötən dövrdə görülən işlərin hesabatı dinlənilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Növbəti X iclası Tbilisi şəhərində keçirmək qərara alınmışdır.
Oktyabrın 27-də assosiasiyanın üzvləri əməkdaşlığın genişləndirilməsinə dair protokol imzalayacaqlar.