BAKIDA BİRGƏ SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Məsul gömrük əməkdaşının qatıldığı tədbiri mərkəzin mütəxəssisləri aparır. İştirakçılar 5 gün müddətində gömrük işində strateji planlaşdırma, ticarətə yardım və riskli gömrük nəzarəti, texniki gömrük məsələləri, gömrük islahatları üçün strateji plan, idxal-ixrac hüququ, vergidən azadetmə prosedurları, qiymətləndirmə və ödəniş, təchizat vəsiləsinin səmərəliliyi və s. mövzularda mühazirələr dinləyəcək, qarşılıqlı fikir mübadiləsi aparacaqlar.
Qərargahı Vaşinqtonda yerləşən və 2000-ci ildən Azərbaycanda da nümayəndəliyi açılan mərkəzin baş müşaviri Duqlas Taunsend seminarın məqsədi, müzakirə olunacaq mövzular barədə məlumat vermişdir.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov əməkdaşlıq şəraitində keçən bu tədbirin gömrük işinin potensialının strateji planlaşdırılması üçün faydalı olacağını bildirmiş, rəhbərlik etdiyi sahədə görülən işlər barədə ətraflı məlumat vermişdir. O demişdir ki, Azərbaycanda gömrük işinin inkişafı və bütövlükdə sosial-iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər çağdaş dünyamızın görkəmli şəxsiyyəti müdrik və uzaqgörən siyasətçisi, ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Məhz onun rəhbərliyi altında gömrük sisteminə dövlət qayğısı artmış, bu qayğı Heydər Əliyev siyasi kursunun davamçısı, Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
bp şirkətinin viste-prezidenti Nil Mak Liri, EksonMobil şirkətinin vitse-prezidenti Ceyms Hensli və başqaları sərmayədarların, əməliyyat şirkətlərinin və özəl qurumların inkişafına kömək baxımından bu seminarın gömrük orqanları üçün imkanlar yaratdığını bildirmişlər.
Martın 26-da başa çatacaq seminarın yekununda xüsusi icmal hazırlanacaq, iştirakçılara sertifikat veriləcəkdir.