BAKIDA CƏRRAH VƏ QASTROENTEROLOQLARIN BEYNƏLXALQ AVRASİYA KONQRESİ İŞƏ BAŞLAMIŞDIR
Forum iştirakçıları əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsini anmışlar.
Səhiyyə nazirinin müavini Sənan Kərimov tədbirin açılışında çıxış edərək, Azərbaycanda səhiyyənin inkişafının əsas mərhələlərindən danışmışdır. O, respublika Prezidenti İlham Əliyevin səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət yetirdiyini vurğulamışdır. Bununla əlaqədar qəbul olunmuş dövlət proqramlarına əsasən, regionlarda 20-dən çox, Bakının qəsəbələrində isə 25-dən artıq müalicə-profilaktika müəssisəsinin açılması nəzərdə tutulmuşdur. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən, tibb sahəsinə qayğısından da danışılmışdır.
Forumun açılışında Avrasiya Qastroenteroloqlar Cəmiyyətinin sədri Həsən Özkən (Türkiyə), konqresin sədri, akademik Böyükkişi Ağayev, görkəmli alim və publisist Cavad Heyət (İran) çıxış etmişlər. Bildirilmişdir ki, Bakıda 1997-ci və 2003-cü illərdə bu konqresin, habelə digər tibb forumlarının keçirilməsi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabitliyinə əyani sübutdur.
Mayın 18-də başa çatacaq konqresdə cərrahiyyənin və qastroenterologiyanın aktual problemləri müzakirə olunacaq, müxtəlif ölkələrin mütəxəssisləri arasında fikir mübadiləsi aparılacaqdır.