BAKIDA DÜNYA ÇEMPİONATI YÜKSƏK TƏŞKİL OLUNMUŞDUR
Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatında Rusiya idmançıları 7 nəfərlə təmsil olunurlar. Sentyabrın 17-də Rusiya güləşçilərinin uğursuz çıxışları komandanın məşqçilərini razı salmamışdır.
AZƏRTAC-ın müxbiri Rusiya yığma komandasının məşqçisi Aleksandr Tarakanovla görüşərək çempionatla bağlı onun fikirlərini öyrənmişdir. Çempionatın ilk günündə rusiyalı güləşçilərin zəif nəticə göstərmələrini hazırlıq zamanı buraxılan nöqsanlarla izah edən əməkdar məşqçi Aleksandr Tarakanov bildirmişdir ki, 55, 60 və 66 kiloqram çəki dərəcələrində güləşçilər rəqiblərinə elə ilk dəqiqələrdə məğlub olmuşlar. Halbuki, onlar finaladək döyüşlərini davam etdirə bilərdilər. Buna baxmayaraq, qonaq yetirmələrinin ağır çəkilərdə yüksək yerlər tutacağını əminliyini söyləmişdir.
A.Tarakanov demişdir ki, bəzi çəki dərəcələri üzrə tanınmış rusiyalı idmançıların müəyyən səbəblərdən çempionata qatılmaması qarşıda qoyulan məqsədə çatmağa müəyyən qədər maneə törətmişdir. Hazırda komandanın heyətindəki bir neçə güləşçi dünya və Avropa çempionatlarının mükafatçılarıdırlar. Onun fikrincə, bu amil rusiyalı idmançıların Pekin Olimpiya oyunlarına daha çox lisenziya qazanmasına imkan verəcəkdir.
Rusiyalı məşqçı vurğulamışdır ki, belə bir mötəbər çempionatın Azərbaycanda keçirilməsi böyük hadisədir.
Aleksandr Tarakanov yarışların yüksək səviyyədə təşkilindən razılığını bildirmiş və iştirakçı dövlətlərin idmançıları üçün yaradılmış hərtərəfli imkanlardan məmnunluqla danışmışdır.
Şəhərimizin öznəməxsus gözəlliyinindən söz açan məşqçi Bakıda tikilən hündürmərtəbəli binaların öz arxitekturasına görə Avropanın digər şəhərlərindən seçildiyini demişdir.
Azərbaycanda yarım milyona yaxın rus əhalisinin olduğunu qeyd edən Aleksandr Tarakanov, onların bu ölkədə yaşayıb işləməsi üçün dövlət səviyyəsində hər cür şəraitin yaradıldığını diqqətə çatdırmışdır.