Bakıda “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası keçiriləcəkdir
Bakı, 1 aprel (AZƏRTAC). Ekologiya və qlobal fəlakətlərdən çıxış yolları məsələlərinə həsr edilən “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının Bakı şəhərində keçirilməsi artıq ənənəyə çevrilmişdir. Ötən illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə artıq 4 belə olimpiada təşkil edilmişdir. Cari ildə bu ənənəvi tədbirin aprelin 6-dan 9-dək keçirilməsi nəzərdə tutulur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, olimpiadanın məqsədi ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, məktəblilərdə ətraf mühitə qarşı həssas münasibət formalaşdırmaq, ekoloji şüuru inkişaf etdirmək, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaq, eləcə də ekoloji problemlərin həllində şagirdləri müxtəlif layihələrə cəlb etməkdir. Bu il də ARDNŞ-in dəstəyi ilə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin və “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin birgə təşkil edəcəyi olimpiadada Albaniya, İndoneziya, İran, Hindistan, Qazaxıstan, Türkiyə, Gürcüstan, Pakistan, Polşa, Rumıniya, Slovakiya və s., ümumilikdə dünyanın 33 ölkəsindən 300-dək şagirdin iştirakı planlaşdırılır. Hər il olduğu kimi, Azərbaycan məktəbliləri də olimpiadada maraqlı layihələrlə çıxış edəcəklər. Olimpiadanın iştirakçıları aprelin 7-də “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğuna, “Qala tarixi Arxeoloji- etnoqrafik muzey kompleksi”nə, Ekologiya İdarəsinin kompleks tədqiqatlar laboratoriyasına ekskursiya edəcək, ARDNŞ-in “Ekoloji park”ında ağac əkəcəklər.