BAKIDA İNSAN HÜQUQLARI VƏ DEMOKRATİKLƏŞDİRMƏ ÜZRƏ FORUM KEÇİRİLMİŞDİR
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından forum iştirakçılarını salamlayan nazir müavini, polis general-leytenantı Oruc Zalov Avropa Şurasına üzv dövlətlərin, həmçinin ABŞ və Qazaxıstanın ölkəmizdəki səfirliklərinin nümayəndələrinə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində DİN-də görülən işlər barədə ətraflı məlumat vermişdir. O, müstəqillik qazandıqdan sonra Azərbaycanın ağır problemlərlə üzləşdiyini, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışından sonra dövlət quruculuğu işlərinə, siyasi sistemin möhkəmləndirilməsinə, ölkəmizdə bütün sahələrdə köklü demokratik, hüquqi islahatlar həyata keçirilməsinə başlandığını, atəşkəsə nail olunduğunu, kadrların peşəkarlığının artırılması, əməliyyat-xidməti fəaliyyətin beynəlxalq standartlar səviyyəsində qurulması üçün tədbirlər görüldüyünü söyləmişdir.
Nazir müavini demişdir ki, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüş, cinayətkarlığa qarşı mübarizənin keyfiyyətcə yeni, yüksək səviyyədə aparılması işinin əsası qoyulmuş, həmin illərdə aparılmış profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 15 min ədəd silah götürülmüş, Gəncədə, Bərdədə, Balakən-Zaqatala bölgəsində qanunsuz fəaliyyət göstərən silahlı dəstələr zərərsizləşdirilmiş, onlardan külli miqdarda silah-sursat, hətta zirehli texnika götürülmüş, dövlət çevrilişinə cəhdlərin qarşısı alınmışdır. O dövrdə axtarışda olan 6 mindən çox şəxs tutularaq istintaqa təhvil verilmiş, cinayətlərin açılması 60 faizdən 93 faizə yüksəlmiş, yeni Konstitusiya qəbul olunmuşdur.
Daxili İşlər Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlığından, polisin fəaliyyətini nizamlayan qanunvericilik bazasının yaradılması və möhkəmləndirilməsi istiqamətində bir sıra vacib normativ sənədlər qəbul olunmasından danışan nazir müavini dedi ki, indi Azərbaycan Respublikası hər 100 min nəfərə düşən cinayətlərin sayına görə MDB dövlətləri arasında axırıncı yeri tutur. 1996-cı ildən sonrakı dövr vətəndaşların hüquqlarının, əmlakının qorunması, cinayətkarlıqla mübarizə sahəsində uğurlu mərhələ olmuşdur. 1992-ci illə müqayisədə 2003-cü ildə cinayətlərin sayı 32,2 faiz (22450-15206), qəsdən adamöldürmələr 3,1 dəfə (564-183), quldurluq və soyğunçuluq halları 4,1 dəfə (1313-323), odlu silah işlədilməklə törədilən cinayətlər 10,8 dəfə (820-76) azalmışdır.
Bildirilmişdir ki, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə vaxtında və obyektiv baxılması istiqamətində nazirliyin rəhbərliyi tərəfindən 2003-cü il ərzində respublikamızın 47 şəhər və rayonunu əhatə edən 7 regionda 277 vətəndaş qəbul edilmiş, onların ərizə və şikayətləri nəzarətə götürülərək böyük əksəriyyəti müsbət həll olunmuşdur. Ümumilikdə isə ötən il nazirlikdə 201 vətəndaş qəbul edilmiş və bu şikayətləri doğuran səbəblərin diqqətlə araşdırılması və vətəndaşlara rəsmi cavabların verilməsi təmin olunmuşdur.
Polis Akademiyasında “İnsan hüquqları və polis” dərsliyinin tərtib edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, əməkdaşlarımızın ABŞ və Misir dövlətlərində müvafiq kurslara göndərilməsi barədə də forum iştirakçılarına ətraflı məlumat verilmişdir. Müvəqqəti saxlanma təcridxanalarının da Avropa standartlarına tam uyğun şəkildə yeniləşməsi, orada saxlanılanların qida rasionunun artırılması, onlara gündəlik qəzetlərin paylanması işi barədə də söhbət açılmışdır.
Tədbir iştirakçıları ətraflı məlumata görə nazir müavini, polis general-leytenantı Oruc Zalova təşəkkürlərini bildirmişlər.