Bakıda “Malvin/Folklənd adaları ətrafında mübahisə və beynəlxalq hüquq” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 19 avqust, AZƏRTAC
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Malvin/Folklənd adaları ətrafında mübahisə və beynəlxalq hüquq” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə argentinalı hüquqşünas, Beynəlxalq Hüquq İnstitutunun (Institut de Droit International) üzvü, eləcə də Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf üzrə Tədqiqatlar İnstitutunun (Graduate Institute of International and Development Studies) professoru Marselo Kohen məruzə ilə çıxış edib.
Məruzədə suverenliklə bağlı mübahisə doğuran iddialar və bu baxımdan dekolonizasiya kontekstində tətbiq olunan müvafiq qaydalar, o cümlədən ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri ətrafında müzakirələr aparılıb. Eləcə də beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsində dövlətlərin üzərinə düşən öhdəliklər nəzərdən keçirilib.
Marselo Kohen bildirib ki, Dağlıq Qarabağda yaşayan əhali öz müqəddəratını təyin edəcək xalq statusunda deyil. Beynəlxalq hüquq baxımından “Dağlıq Qarabağ xalqı” deyilən məfhum yoxdur. Ermənilər Dağlıq Qarabağda yaşayan etnik azlıqdırlar. Onların öz dillərini, adət-ənənələrini qoruyub saxlamaq kimi azlıq hüquqları var. Onlar suverenliyi təyin edə bilməzlər.
“Dəyirmi masa”da çıxış edənlər beynəlxalq təşkilatların ikili standartlarından, dünyada baş verən ədalətsizliklərdən söz açıblar.
Sonda Marselo Kohen tədbir iştirakçılarının suallarını cavablandırıb.