Bakıda “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopu keçirilir VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Bu gündən etibarən dövlət və özəl sektorda açıq innovasiyanın tətbiqi ilə bağlı proqramın icrasına başlanılır. Bu təşəbbüs ilkin mərhələdə şirkət və təşkilatlarda tətbiq olunacaq, növbəti mərhələlərdə isə onun dövlət qurumları və digər təşkilatlarda tətbiqi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopunda çıxışı zamanı deyib.
“Vençur maliyyələşməsi və kraudfandinq üzrə yeni qanunvericilik paketi qəbul olunub. Bu da maliyyəyə çıxışı genişləndirərək startaplar üçün yeni imkanlar yaradıb. Açıq innovasiyanın tətbiqi texnologiya şirkətləri üçün yeni imkanlar və gündəlik formalaşdırır. Bu gün hamımızın əsas gözləntisi “Plug and Play” komandası ilə birgə çalışmaq və konkret problemləri müəyyənləşdirməkdir. “Plug and Play”in tərəfdaşları və həmkarları isə texnologiya şirkətlərindən daxil olan təklifləri müəyyən edilmiş problemlərlə uyğunlaşdırmağa, hansı imkanların bu şirkətlərdə tətbiq oluna biləcəyini müəyyənləşdirməyə öz bilik və təcrübələri ilə dəstək verəcəklər”, – deyə F.Osmanov əlavə edib.