BAKIDA “PREZİDENT KUBOKU” III BEYNƏLXALQ ŞAHMAT FESTİVALI AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Bakı Əyləncə Mərkəzində “Prezident Kuboku” III Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən bu turnirin artıq ənənə halı aldığını, yarış iştirakçıların sayının isə rekord həddə çatdığını bildirmişdir.
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirdə gənclərin iştirakının mühüm əhəmiyyət daşıdığını qeyd edən nazir, bunun heç də təsadüfi olmadığını, ölkəmizdə gənclərə dövlət səviyyəsində daim diqqət və qayğı göstərildiyini vurğulamışdır. Respublikamızın bütün bölgələrində müasir standartlara uyğun idman qurğularının, şahmat məktəblərinin tikilməsi gənclərimizin hərtərəfli inkişafına göstərilən qayğının bariz nümunəsidir. Nazir demişdir ki, bu dəstək Prezident İlham Əliyevin siyasətində prioritet yer tutur.
A.Rəhimov yarış iştirakçılarının hər birinə qələbə sevinci arzulamışdır.
Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov demişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü ölkəmizin hər yerində böyük təntənə ilə keçirilir. Müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev dövlətçiliyimizin, ölkə iqtisadiyyatının, idmanın və digər sahələrin inkişafı üçün böyük işlər görmüşdür. Artıq Azərbaycanı beynəlxalq aləmdə təkcə neft deyil, həm də idman ölkəsi kimi tanıyırlar. Şahmat isə qədim idman növü kimi ölkəmizdə həmişə populyar olmuşdur. Bunun məntiqi nəticəsi kimi Azərbaycan şahmat məktəbi dünya şahmat məktəbinə daim öz töhfələrini vermişdir və bu proses indi də davam edir.
Bu günlərdə Bakıda başa çatmış FİDE-nin Qran-Pri turnirində Azərbaycan idmançılarının yüksək nəticələrə imza atdıqlarını söyləyən E.Rüstəmov, bu hadisənin respublika şahmatçıları arasında böyük sevinclə qarşılandığını nəzərə çatdırmışdır. Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun turnirin qalibləri sırasında olduğunu xüsusi vurğulayan federasiyanın rəhbəri, onun adının da Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov kimi tezliklə dünyanın 10 ən güclü şahmatçısı siyahısına düşəcəyinə əminliyini bildirmişdir.
######
