ELM VƏ TƏHSİL
Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi keçirilib







Bakı, 2 oktyabr, AZƏRTAC
İki gün ərzində Bakıdakı Rus evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi -RİMM) Rusiya ali məktəbləri öz resurs imkanlarını təqdim ediblər, habelə proqram və layihələrin perspektivləri və üstünlükləri, xarici tələbələr üçün yaradılmış unikal təhsil mühiti barədə məlumat veriblər.
AZƏRTAC RİMM-ə istinadla xəbər verir ki, bu günlər ərzində təhsil sərgisində yüzlərlə insan iştirak edib.
Tədbir çərçivəsində V. N. Tatişev adına Həştərxan Dövlət Universitetinin qiyabi şöbəsinin birinci kurs tələbələrinə tələbə biletləri təqdim edilib; Boris Şukin adına Teatr İnstitutu tərəfindən "Günay" uşaq teatr-studiyasının şagirdləri və Səməd Vurğun adına Akademik Rus Dram Teatrının gənc aktyorları üçün səhnə nitqi üzrə ustad dərsləri keçirilib; Çeçen Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti tərəfindən təşkil olunan ekologiya üzrə tətbiqi ustad dərsi təqdim olunub, iştirakçılar dərs əsnasında ekoloji istehlak haqqında cizgi filmi yaradıblar; təhsil sahəsində universitetlərarası qarşılıqlı fəaliyyət və innovativ texnologiyalar mövzusunda dəyirmi masalar təşkil olunub; V.N.Tatişev adına Həştərxan Dövlət Universitetinin "Prioritet-2030" proqramı çərçivəsində təşkil edilən "Xəzər makroregionunda yeni uyğunluqların formalaşması prosesinin təsviri" mövzusunda sosioloji tədqiqat təqdim edilib.
Sərgi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunan yaradıcılıq gecəsi ilə başa çatıb.