BAKIDA RUSİYA MİLLİ SƏRGİSİ AÇILMIŞDIR
İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri, respublika Baş nazirinin birinci müavini Abbas Abbasov açılış mərasimində çıxışında vurğulamışdır ki, sərgi ikitərəfli sazişlər bağlamaq üçün yaxşı imkandır və ölkələrimizin ticarət-iqtisadi əlaqələrinin dərinləşməsinə zəmin hazırlayacaqdır. Komissiyanın rusiyalı həmsədri, RF sənaye və energetika naziri Viktor Xristenko Rusiya sərmayələrinin Azərbaycan iqtisadiyyatına yatırılmasını səmərəli vasitə adlandırmışdır. O demişdir: “Azərbaycan iqtisadiyyatı böyük sürətlə inkişaf edir, respublikada əsil canlanma müşahidə olunur. Ona görə də Rusiya sahibkarlarının öz imkan və texnologiyalarını ödəniş qabiliyyətli və səmərəli ölkədə nümayiş etdirmək üçün real imkanları var”. O, ümid etdiyini bildirmişdir ki, hazırda yaranmaqda olan birgə layihələr uğurla həyata keçiriləcəkdir.
Sərginin keçirilməsindən başlıca məqsəd Rusiya müəssisə və təşkilatlarının məhsul, texnologiya və xidmətlərini Azərbaycan bazarına çıxarmaq, ticarət-iqtisadi və mədəni əməkdaşlığı fəallaşdırmaqdır. Rusiyanın 28 regionundan 200-dək müəssisə öz ekspozisiyasını 3200 kvadratmetr sahədə nümayiş etdirir. Bundan əlavə, eksponatlar açıq meydançada da yerləşdirilmişdir. Sərgidə RF regionlarının 12 kollektiv ekspozisiyası təşkil olunmuşdur ki, bunların da ən böyüyü Moskvaya məxsusdur.
“Rusiya dəmir yolları” ASC, “Kurqandormaş”, “Kurqanstalmost”, “Saranskkabel”, “Bioximik”, “Konsern”, “Enerqomera”, “Elektroavtomatika”, “Miktrom”, “Nijnekamskneftexim”, Ulyanovsk motor zavodu, “Titan” Şirkətlər Qrupu, “Utyos” ASC, Kursk “Pribor” ASC və bir çox başqaları öz məhsulunu, innovasiya və texnologiyalarını nümayiş etdirir. Rusiya Fövqəladə Hallar Nazirliyinin ayrıca stendi vardır.