BAKIDA TAEKVONDO ÜZRƏ KOMANDALAR ARASINDA DÜNYA KUBOKU UĞRUNDA TURNİRƏ START VERİLMİŞDİR
Bakı, 11 iyun (AZƏRTAC). Bakı İdman Sarayında taekvondo üzrə dünya kuboku uğrunda turnir başlamışdır. Yarışda 6 qrupda 23 kişi və qadın komandaları mübarizə aparır. İdmançılar 5 çəki dərəcəsi üzrə yarışırlar.
Azərbaycanın kişi yığması yer aldığı F qrupunda Rusiya, İtaliya və Braziliya milli komandaları ilə qarşılaşacaqdır.
Qadınlardan ibarət yığma komandamızın rəqibi Braziliya və Yunanıstan komandaları olacaqlar.
Qrupun qalibləri dörddəbir finala vəsiqə qazanacaqlar. Dünya kuboku iyunun 14-də başa çatacaqdır.
Bu gün Azərbaycan yığması Rusiya millisi ilə qarşılaşmışdır. Yığmamızın heyətində dayanq üzərinə birinci Samir Aydınov (58 kq) çıxmışdır. O, Sergey De ilə görüşdə 9:7 hesabı ilə qələbə qazanmışdır.
63 kiloqram çəki dərəcəsində Rövşən Məmmədov - Denis Mixaylov görüşü rusiyalı taekvondoçunun qələbəsi (3:7) ilə başa çatmışdır.
Dayanq üzərində üçüncü görüş İlkin Şahbazov (72 kq) və İbrahim Mehdiyev arasında olmuşdur. İ.Şahbazov son anda qələbəni əldən buraxmışdır. Rusiya idmançısı 12:10 hesabı ilə qalib gəlmişdir.
Pekin Olimpiadasının iştirakçısı Rəşad Əhmədov (82 kq) Aydemir Şaxbanovla görüş keçirmişdir. Bu idmançılar arasında döyüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatmışdır. Rəşad Əhmədov təcrübəsi sayəsində əlavə olunmuş hissədə qələbə qazanmışdır.
Bu görüşdən sonra Azərbaycan və Rusiya komandaları arasında hesab bərabərləşmişdir 2:2.
Qalib isə Azərbaycan idmançısı Təvəkkül Bayramov (81-dən yuxarı) və rusiyalı İsmayıl Musayev arasında sonuncu görüşdən sonra məlum olmuşdur. Rusiyalı idmançı T.Bayramov üzərində 4:3 hesabı ilə qalib gələrək komandasının qələbəsini təmin etmişdir. Beləliklə, Azərbaycan-Rusiya görüşü qonaq komandanın qələbəsi ilə başa çatmışdır - 2:3.
Qarşıdakı günlərdə yığmamızın növbəti rəqibləri İtaliya və Braziliya milli kollektivləri olacaqlar.
######
![]() |
![]() |
![]() |
![]() |



