Bakıda Yeni il ab-havası davam edir– FOTOREPORTAJ
Bakı, 3 yanvar, AZƏRTAC
Yeni ilin ilk günlərində Bakıda Dövlət Kukla Teatrının arxasındakı və ətrafındakı ərazi əsl bayram ab-havasında bəzədilib. Burada uşaqların zövqünə oxşayan çoxsaylı böyük fiqurlar yaradılıb. Uşaqlar buradakı attraksionlardan, qatarlardan istifadə edərək əylənirlər.
AZƏRTAC xəbər verir ki, Yeni il ilə əlaqədar kompozisiyalar, o cümlədən çılçıraqlı xizəkli maral, retro maşın, hava ilə doldurulmuş oyuncaqlar əraziyə xüsusi gözəllik verir. Burada nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb. Eləcə də Şaxta baba və Qar qız, cizgi filmi qəhrəmanlarının obrazlarındakı animatorlar - Harri Potter, Malefisenta, “Ələddindən” Cəfər, Qrinç, Çəkməli pişik, Cek Sərçə, Panda, Sonik, “Alisa möcüzələr ölkəsindən” Dəli Dovşan, “Su pərisindən” Ursula uşaqlara bayram sevinci bəxş edir.
Bununla yanaşı, uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün ərazidə tamaşalar, konsert, işıq və alov şousu da təşkil olunub. Buranı ziyarət edən uşaqların əyləncəsinə maraq qatmaq məqsədilə onların üzləri müxtəlif rənglərlə - face-art boyanır.
Ümumiyyətlə, Dövlət Kukla Teatrının arxasındakı yarmarka bundan sonra daha bir həftə insanların xidmətində olacaq.
Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi Yeni il şənlikləri paytaxt sakinlərində və qonaqlarda xoş ovqat oyadır.
AZƏRTAC bayram ab-havasının yaşandığı növbəti məkandan fotoşəkilləri təqdim edir.