Bakıdakı Rus evində Səməd Vurğuna həsr olunmuş tədbir keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 13-də Bakıdakı Rus evində Azərbaycanın Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-musiqili axşam keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədəbi-musiqili axşamda musiqi və vokal nömrələrinin müşayiəti ilə görkəmli şairin şeirləri səsləndirilib. Proqramda peşəkar musiqiçilərlə yanaşı, gənc istedadlar da iştirak ediblər.
Ədəbi-musiqili axşamın fəxri qonağı Səməd Vurğunun nəticəsi, respublika və beynəlxalq müsabiqələrin laureatı, istedadlı musiqiçi, pianoçu Vurğun Vəkilov olub. Onun ifasında səslənən Sergey Raxmaninovun əsərləri ədəbi-musiqili konsertin yekunu olub.
Səməd Vurğun şair, dramaturq, ictimai xadim, bir sıra nüfuzlu sovet mükafatlarının laureatı, Azərbaycan SSR-nin ilk Xalq şairidir. O, 1936-cı ildə A.S.Puşkinin “Yevgeni Onegin” romanının Azərbaycan dilinə tərcüməsinə görə dahi rus şairinin adını daşıyan Puşkin Komitəsinin medalı ilə təltif edilib.