BAKININ 2016-CI İL YAY OLİMPİYA OYUNLARINA EV SAHİBLİYİ ETMƏSİ MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı tələb olunan Sifariş Kitabı Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilmişdir.
Bununla əlaqədar Nazirlər Kabinetində 2016-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməklə bağlı namizədliyinin irəli sürülməsi üzrə Təşkilat Komitəsinin iclası keçirilmişdir. Toplantıda paytaxtın 2016-cı ildə Olimpiya Oyunlarının keçirilməsi üzrə təklifləri müzakirə olunaraq təsdiq edilmişdir.
Bununla bağlı məlumat verən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirmişdir ki, Sifariş Kitabı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iddiaçı şəhərlərə qoyulan tələblərə cavab verən bir sənəddir.
Beynəlxalq Yay Olimpiya Komitəsinin 25 tələbi içərisində əsasən Bakının 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarına ev sahiblik etmək istəyinin məqsədi və bununla bağlı işlərin yerinə yetirilməsinə dair suallar əks olunmuşdur.
Sifariş Kitabında, həmçinin qonaqların və idmançıların qəbulu, onların yerləşdirilməsi, idman obyektlərinin tikintisi və nəqliyyat məsələləri ilə bağlı Azərbaycan tərəfinin gördüyü və planlaşdırdığı işlər öz əksini tapmışdır.
Bu sənədi öyrənən Beynəlxalq Olimpiya Komitəsininn xüsusi komissiyası nəticəni bu ilin iyununda Afinada keçiriləcək iclasında açıqlayacaqdır.