“BAKİNSKİ RABOÇİ” QƏZETİNİN XÜSUSİ BURAXILIŞI
Xüsusi buraxılış Rusiyanın Azərbaycandakı səfirliyinin köməyi, “Novosti” və AZƏRTAC agentliklərinin iştirakı ilə hazırlanmışdır.
Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə deyir: “Salam, Rusiya! Siyasi şərait, rejimlər, dünyada vəziyyət, dəyərlər dəyişir... Lakin qeyd-şərtsiz dəyişməz bədii, mənəvi dəyərlər var: Puşkin və Tolstoy, Çaykovski və Sviridov, Nizami və Füzuli, Üzeyir Hacıbəyov və Qara Qarayev, xoşbəxtlikdən siyahı böyükdür”....
Materialların Azərbaycanın və Rusiyanın siyasi, işgüzar, elmi dairələrinin maraqları baxımından seçilməsi diqqəti cəlb edir. Hesab olunur ki, Azərbaycan Rusiya paytaxtı ilə əməkdaşlığının intensivliyinə görə MDB-nin ilk beş ölkəsi sırasındadır. Moskva hökuməti Beynəlxalq əlaqələr departamentinin başçısı Georgi Muradov Azərbaycanda Rusiya İlində bu qarşılıqlı fəaliyyətin nə kimi yeni vüsət alacağından söhbət açır.
Qəzetin idman bölməsində idman meydançalarında “ulduzların” necə parladığından, ölkənin birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Azərbaycan Gimnastika Federasiyasının gördüyü möhtəşəm işlərdən danışılır.
Sankt-Peterburqdakı 400 minlik Azərbaycan diasporunun Rusiyanın Şimal paytaxtı iqtisadiyyatının inkişafında fəal iştirakı barədə material da maraq doğurur.
Qəzetdə ölkələrimizin xalqlarını bir-birinə bağlayan mədəni dəyərlərin itirilmədiyi barədə də materiallar vardır. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Rusiya arasında zamanın sınağından keçən dərin dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin bundan sonra da hərtərəfli əməkdaşlığımız və strateji tərəfdaşlığımız üçün əsaslı təməl olduğunu vurğulamaqda tamamilə haqlıdır.
”Bakinski raboçi”nin səhifələrində Rusiya İli ərzində keçiriləcək tədbirlərin təqvimi də verilmişdir.