BALAKƏN ENERGETİKLƏRİ PAYIZ-QIŞ MÖVSÜMÜNƏ CİDDİ HAZIRLAŞIRLAR
Şəbəkənin rəisi Akif Bayramov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar daxili imkanlar hesabına 17 ədəd 10 kilovoltluq güc transformatoru əsaslı təmir olunmuş, 39 ədəd 10 kilovoltluq və 22 ədəd 0,4 kilovoltluq elektrik dayaqları yenisi ilə əvəz edilmiş, xeyli ölçüdə elektrik məftilləri dəyişdirilmiş, sallaq məftillər dartılmış, dirəklər kol-kosdan təmizlənmişdir.
Cari ilin 9 ayında vətəndaşların şəxsi mənzillərində 2700 ədəd elektrik sayğacı quraşdırılmışdır. Həmin dövrdə abonentlərdən 1 milyard 488 milyon manat məbləğində enerji haqqı yığılmışdır ki, bu da sərf olunan enerjinin 47 faizini təşkil edir. Ötən il bu göstərici 44 faiz olmuşdur. Hazırda gün ərzində rayon mərkəzinə 21 saat, kəndlərə isə 18 saat elektrik enerjisi verilir.