Balakəndə İdman Festivalına start verilib
Balakən, 24 iyul, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş İdman Festivalına 500-dən artıq iştirakçı qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Rayon İcra Hakimiyyətinin, Balakən rayonu üzrə gənclər və idman sektorunun, Olimpiya İdman Kompleksinin, Balakən Gənclər Evinin, Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən festivala səhər idmanı ilə start verilib. Daha sonra bütün idman bölmələrində isinmə hərəkətləri keçirilib, master-klaslar təşkil olunub.
Qeyd edək ki, festival 2 gün davam edəcək. Festival çərçivəsində iştirakçılar maraqlı idman yarışlarında, əyləncəli proqramlarda, ustad dərslərində iştirak edəcəklər, idmançılar öz nümunəvi çıxışlarını sərgiləyəcəklər.
Müxbir - Rasim İslamoğlu