Balaxanı poliqonunda ekoloji qəza hallarının qarşısının alınması üzrə təlim keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
“Təmiz Şəhər” ASC-nin Balaxanı qəsəbəsində yerləşən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda və tullantı poliqonunda qəza hallarından müdafiə olunmaqla bağlı praktiki təlim keçirilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim zamanı işçilər 20 dəqiqə ərzində simulyativ yanğını lokallaşdıraraq təhlükənin qarşısını alıblar.
Simulyativ qəza barədə 10:00-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilib, yanğın həyəcan siqnalları işə salınıb, texniki heyət üç dəqiqə ərzində elektrik və qaz xətlərini ayırıb. Saat 10:05-də yanğınsöndürmə dəstələri alovun söndürülməsi işlərinə başlayıblar. “Xəsarət alan” işçilərə tibbi yardım göstərilib. Saat 10:20-də “yanğın” tam lokallaşdırılaraq nəzarət altına alınıb.
Ekoloji qəza hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə təlim iki gün davam edib. Təlimdən sonra yanğına məsul şəxslərin qəzaların lokallaşdırılması planına uyğun hərəkət etdikləri, yanğınsöndürmə avadanlıqlarının öz yerində və işlək vəziyyətdə olduğu, işçilər arasında əlaqə və rabitənin normal şəkildə qurulduğu müəyyənləşdirilib. Ümumilikdə bu plan üzrə təlimlərin keçirilməsi qənaətbəxş hesab edilib.