“Bali-2023” Dünya Çimərlik Oyunlarına qatılacaq idmançılarımız antidopinqlə bağlı məlumatlandırılıblar
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Bali-2023” Dünya Çimərlik Oyunları ilə bağlı idmançılar ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, MOK və AMADA-nın birgə təşəbbüsü ilə baş tutan tədbirdə bütün iştirakçı federasiyaların məşqçi və idmançıları iştirak ediblər.
AMADA-nın Təhsil şöbəsinin müdiri Lalə Hacıyeva Çimərlik Oyunları zamanı dopinq nəzarəti, o cümlədən bu sahədəki yenilik və dəyişikliklərlə bağlı məlumatları idmançılar ilə bölüşüb.
Təqdimat zamanı iclas iştirakçıları antidopinqlə bağlı idmançıların hüquq və öhdəlikləri, o cümlədən terapevtik istisna icazəsi üçün müraciət və icazənin verilmə şərtləri, məkan məlumatı, “İynəyə yox” siyasəti və digər məsələlərlə bağlı ətraflı məlumatlandırılıb.
Sonda idmançılara “Bali-2023” Dünya Çimərlik Oyunlarında uğurlar arzulanıb və xatirə şəkli çəkilib.